RƏSMİ XRONİKA
ABŞ-IN ENERGETİKA NAZİRİNİN MÜAVİNİ KLEY SELLİN ÇIXIŞI
Gürcüstan Prezidenti Mixail Saakaşvili,
Türkiyə Prezidenti Sezər,
Hörmətli xanımlar və cənablar!
Mən bu gün böyük bir mərasimdə iştirak edirəm. Neft kəmərinin inşasının başa çatdırılmasında əməyi olan böyük neft şirkətlərini salamlayıram. Onların böyük səyləri və investisiyaları nəticəsində bu layihə həyata keçirildi.
Zati-aliləri Prezident Buşun göndərdiyi salamı bu kürsüdən sizə çatdırmaq mənim üçün böyük şərəfdir. Burada Zati-aliləri Sezərə də müraciət etmək istəyirəm:
“Zati-aliləri, mən Türkiyə xalqını ürəkdən təbrik edirəm. İlk neft Bakıdan Ceyhana çatdı və bu hissləri Amerika xalqı Sizinlə paylaşır. BTC Xəzər dənizi ehtiyatlarının inkişafında böyük addımdır. Bu, eyni zamanda, ətraf mühit üçün böyük bir inkişaf addımıdır. Həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə, həm də dünya bazarı üçün böyük bir hadisədir. Onun əhəmiyyəti BTC-nin həm də dünya enerji bazarına çıxmasındadır. Biz bu layihənin enerji təhlükəsizliyini möhkəmləndirəcəyinə, bölgələrin əməkdaşlığının artırılmasında böyük əhəmiyyət daşıyacağına və Amerika xalqı olaraq, biz Bakı-Tbilisi-Ceyhan layihəsinin yüksək dərəcədə müvəffəqiyyətlə tamamlanacağına inanırıq.
İmza: Corc Buş”.
Mən burada Türkiyə, Gürcüstan, Azərbaycan xalqlarını və onların rəhbərlərini təbrik etmək istəyirəm. BTC-nin hər zaman daha yüksək zirvələr əldə etmək üçün müvəffəqiyyətli addım olacağına Amerika hökuməti adından inanıram. Əminəm ki, bu layihə və bundan sonrakı layihələr həm sərhədləri daha şəffaf edəcək, həm də əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaqdır. Onun XXI əsrin əvvəlində dünyada ən böyük layihə olduğuna ürəkdən inanıram. Bu layihə ən yeni texnoloji nailiyyətlərdən istifadə edilərək həyata keçirildi. Bu enerji dəhlizlərinin Şərqdən Qərbə gedən böyük bir yol olduğuna və enerji təhlükəsizliyini təmin etdiyinə və insanlara daha yüksək rifah gətirəcəyinə inanıram. Bu enerji layihələri həm neftin, həm də qaz ehtiyatlarının dünya bazarlarına çatdırılmasında uğurlu addımdır və onlardan sonra yeni layihələr yaranacaqdır. BTC-nin müvəffəqiyyəti həm bölgə liderlərinin qərarlılığının, həm də böyük dəstəyin nəticəsidir. Bunun uğurlu olmasında Amerika hökuməti də öz dəstəyini heç zaman əsirgəməyibdir. Bir daha deyirəm, bu böyük, mötəbər mərasimdə iştirak etmək mənim üçün böyük şərəfdir. Yenə də sizi təbrik edir və minnətdarlığımı bildirirəm. Sağ olun.
X X X
Çıxış üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana söz verildi.