ABŞ-IN HƏQİQİ HƏRBİ BÜDCƏSİ RƏSMİ BÜDCƏDƏN 217 MİLYARD DOLLAR ÇOXDUR
Bu, dekabrda Konqresin təsdiqlədiyi hərbi büdcədə nəzərdə tutulduğundan 217 milyard dollar çoxdur.
Lakin Müdafiə İnformasiyası Mərkəzinin eksperti Uinslou Uiller hesab edir ki, büdcənin real həcmi qat-qat çoxdur, çünki bir çox xərclər başqa maddələr üzrə göstərilmişdir.
Məsələn, hərbi quruculuq, veteranlar üçün sosial proqramların maliyyələşdirilməsi, İraq və Əfqanıstanda müharibə, nüvə cəbbəxanasına xidmət, Dövlət Departamentinin xətti üzrə hərbi xərclər, habelə ABŞ ərazisinin təhlükəsizliyini təmin etmək xərcləri kimi maddələr hərbi büdcəyə formal olaraq düşməmişdir.
Uiller demişdir: “Nəyin hərbi xərclər adlandırılması hər bir adamın baxışından asılıdır. Əgər təkcə bilavasitə silahla bağlı xərcləri götürsək, onda bunu “milli hərbi büdcə” adlandırmaq lazımdır, yox, əgər beynəlxalq təhlükəsizliyi də nəzərdə tutursunuzsa, onda zəhmət çəkib, buraya Milli Təhlükəsizlik Nazirliyinin büdcəsinin bir hissəsini də, Dövlət Departamentinin xarici xərclərini də daxil edin”.
Misal üçün, nüvə cəbbəxanasının saxlanılması üçün xərclər Energetika Nazirliyindən keçir. 2006-cı ildə bu xərclər 16,4 milyard dollar olacaqdır. Hərbi quruculuğa 12,2 milyard dollar ayrılmışdır. Pentaqon İraq və Əfqanıstanda aparılan əməliyyatlara büdcədə artıq nəzərdə tutulan 50 milyard dollara Konqresdən əlavə olaraq, təxminən 50 milyard dollar istəməyi planlaşdırır. Daha 4,7 milyard dollar Ümumi Xidmətlər Administrasiyasından keçiriləcəkdir. Bu pullar bəzi hərbi proqramları maliyyələşdirməyə yönəldiləcəkdir.
Milli təhlükəsizlik və beynəlxalq təhlükəsizlik xərcləri müvafiq surətdə 41 və 23 milyard dollar olacaqdır. Pentaqon veteranların sosial proqramlarına 68 milyard dollar xərcləyəcəkdir.
Uiller bildirir ki, bütün bu xərcləri toplasan, görərsən ki, 2006-cı ildə ABŞ-ın hərbi xərcləri 669,8 milyard dollar təşkil edəcəkdir.