ABŞ-IN VALMONT İNDUSTRİES ŞİRKƏTİNİN SƏDRİ KƏND TƏSƏRRÜFATI NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
İsmət Abasov qonağı səmimi salamladıqdan sonra bildirmişdir ki, ABŞ hökuməti, onun müxtəlif qurumları, o cümlədən Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkəmizdə aparılan genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsində yaxından iştirak edir. Bu sırada dünyada yaxşı tanınan, 100-dən çox dövlətdə irriqasiya layihələri həyata keçirən, 45 ölkədə diler şəbəkəsi olan Valmont İndustries şirkəti də yer tutur. Onun layihələrinə Azərbaycanda ehtiyac vardır və təklif etdiyi layihələrin reallaşdırılması üçün hər cür şərait yaradılacaqdır.
Mogens Bay demişdir ki, rəhbəri olduğu şirkət Azərbaycanda kənd təsərrüfatı proqramının inkişaf etdirilməsi üzrə fəaliyyət göstərir. Proqram üç layihədən- Azərsun Holdinq şirkətinin Şəkər çuğunduru, CTS Aqro Pambıq və MKT Pambıq layihələrindən ibarətdir. Proqramın icrasına 250 hektar sahədə həmin üç pilot layihə vasitəsilə 2006-cı ildə başlanılacaqdır. 2007-ci ildən isə 10-13 min hektarda genişmiqyaslı inkişaf layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqramın reallaşması ixrac üzrə strateji bölmənin inkişafına, davamlı valyuta mənbəyinin yaradılmasına, yeni iş yerlərinin açılmasına, nəhayət, kəndin inkişafına səbəb olacaqdır.
İsmət Abasov Azərbaycanda torpaq islahatı aparıldığına görə yığcam halda münbit, suvarılan və əlverişli şəraitə malik 250 hektar istifadəsiz torpaq sahəsi tapmağın çətin olacağını diqqətə çatdırmış və vurğulamışdır ki, bu qədər torpağın dövlət fondundan ayrılması məqsədəuyğun olardı.