ABŞ LİVİYAYA QARŞI SANKSİYALARDAN, ƏSLİNDƏ, İMTİNA ETMİŞDİR
O, Vaşinqtonda mətbuat konfransında çıxış edərək, ölkənin şirkətlərini Liviyadan neft almağa çağırmışdır. Prezident demişdir ki, ABŞ şirkətləri Liviyada bizneslə məşğul olmalı və bu zaman neft müqavilələri bağlanmasına xüsusi diqqət yetirməlidirlər.
Beləliklə, ABŞ-Liviya münasibətlərində yeni dövrün başlandığını söyləmək olar. Çox güman ki, ABŞ-ın “Maraton”, “KonokoFilips” və “Oksidental” şirkətləri tezliklə Tripoli ilə əməkdaşlığa başlayacaqlar. Çünki 1986-cı ilədək Liviya neftinin əsas alıcıları məhz onlar olmuşlar.
Buna baxmayaraq, Vaşinqton Liviyanı terrorçuları dəstəkləyən ölkələr sırasından hələ də çıxarmayıbdır. Ağ ev bildirir ki, Tripoli “Lokkerbi faciəsi”ndə həlak olanların ailələrinə kompensasiya ödənilməsi barədə bütün öhdəliklərini yerinə yetirməlidir.
Xatırladaq ki, Liviyaya qarşı sanksiyalar ilk dəfə ABŞ Prezidenti Ronald Reyqanın təkidi ilə tətbiq edilmişdir. Onda Liviya ABŞ vətəndaşlarına qarşı terror aktları təşkil etməkdə və terrorçuları dəstəkləməkdə təqsirləndirilmişdi. ABŞ təyyarələri hətta Liviya şəhərlərinə məhdud zərbələr də endirmişdi. 1988-ci ildə ABŞ-ın “Boinq” sərnişin təyyarəsi Britaniyanın Lokkerbi şəhərciyi üzərində partladıqdan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşmişdir. 1990-cı illərin axırlarında sanksiyalar daha da sərtləşdirilmişdi, çünki şübhə vardı ki, Liviya kütləvi qırğın silahı istehsal edir.
Son iki ildə vəziyyət dəyişməyə başlamışdır. M.Qəzzafi əvvəlcə həmin təyyarənin partladılmasına görə məsul olan terrorçuları tribunala vermiş, sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəçilərini öz nüvə obyektlərinə buraxmışdır. Bundan əlavə, o, ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatını dəstəkləmiş, İraqın sabiq liderlərinə sığınacaq verməmişdir.