DÜNYA
ABŞ QUL ALVERİNƏ GÖRƏ VENESUELAYA QARŞI QADAĞA TƏTBİQ EDİR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, qadağalarda bu ölkəyə qarşıdakı maliyyə ili ərzində 250 milyon dollar məbləğində tranş ayrılmasını dayandırmaq nəzərdə tutulur.
ABŞ-ın xüsusi xidmət idarələrinin məlumatına görə, Latın Amerikası ölkələrindən ABŞ-a və Avropaya qadın və uşaqlar məhz Venesuela vasitəsilə göndərilir.
Amerika xarici siyasət idarəsinin hələ iyunda yaydığı məruzədə insan alverinin qarşısını almaq üçün mühüm tədbirlər görməyən dövlətlərin adları göstərilmişdi və bildirilirdi ki, ABŞ onlara qarşı qadağalar tətbiq etməyə hazırdır. Müasir qul alverçilərinin bu siyahısına Venesuela ilə yanaşı, Banqladeş, Myanma, Kuba, Ekvatorial Qvineya, Qayana, Şimali Koreya, Syerra-Leone və Sudan da daxildir.
Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (YUNİSEF) məlumatına görə, hər gün bütün dünyada insan alverçiləri təxminən 3 min uşaq satırlar.