Abşeron könüllüləri pandemiyanın yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər
Xırdalan, 19 may, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Azərbaycanda fəaliyyət göstərən könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilib və bu mərkəz hazırda öz fəaliyyətini davam etdirməkdədir. AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.
AZƏRTAC xəbər verir ki, qısa zamanda AKƏM Abşeron rayonun da geniş fəaliyyət göstərmədədir. Belə ki, “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya uğurla davam etdirilib. Ümumilikdə, Xırdalan şəhəri də daxil olmaqla, rayonun kənd və qəsəbələrində 100-ə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 1134 ailəyə dəstək göstərilməsində iştirak ediblər.
Abşeronlu könüllülər tərəfindən Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində sakinlərə bukletlər paylanılıb, müxtəlif yerlərdə elanlar asılıb. Könüllülər evlərdə, eləcə də küçə və parklarda sakinlərlə epidemiyanın təhlükəsi və ondan qorunma yolları barəsində maarifləndirici söhbət aparıblar. Söhbət zamanı şəxsi gigiyena qaydalarına əməl etməyin, özünütəcrid şəraitinə uyğunlaşmağın, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağın, digər şəxslərlə minimum dərəcədə kontaktda olmağın, insanların sıx toplaşdığı yerlərə getməməyin zəruriliyi barədə məlumatlar veriblər.
Könüllülər kənd və qəsəbələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar və müəyyənləşdirdiyi qaydalarla bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış broşürlərin paylanılmasında və əhalinin maarifləndirilməsi tədbirlərində fəal iştirak edirlər. COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə rayon ərazisində yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılmasında yaxından iştirak ediblər.