Abşeron rayonunda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illiyi qeyd edilib
Bakı, 28 aprel, AZƏRTAC
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var.
Qeyd edilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadınının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olmuşdur. Zərifə xanımın həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazandığı qeyd olunaraq onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq onun ölkəmizdə ictimai xadim kimi böyük nüfuz qazanması ilə yanaşı, çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən danışıb. Bildirib ki, Zərifə Əliyeva xalqına xeyirxahlıqla xidmət edən, humanist və ictimai xadim kimi xalqımızın yaddaşında hər zaman qalacaq.
Digər çıxış edənlər Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyətindən söz açıblar. Onun sədaqətli həyat yoldaşı, qayğıkeş ana, gözəl tibb xadimi olduğu vurğulanıb.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.