ADAU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
Gəncə, 17 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 34-cü ildönümünə həsr olunan “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə iştirakçıları təbrik edib. “Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız həmin ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi”, - deyə o vurğulayıb.
Dövlətçilik tariximizin köklərinə nəzər salan kafedra müdiri Elgün Aslanov vurğulayıb ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində hüquqi, siyasi və mənəvi əsasların formalaşdırılmasında Heydər Əliyev məktəbi misilsiz rol oynayıb. Məruzədə Azərbaycanın son illərdə beynəlxalq arenada artan nüfuzu, siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər barədə də məlumat verilib. Bildirilib ki, Vətən müharibəsində əldə edilən tarixi Zəfər müstəqil Azərbaycanın gücünü, milli birliyini və dövlətimizin başçısının uzaqgörən siyasətini bütün dünyaya nümayiş etdirdi.
İctimai fənlər kafedrasının baş müəllimi Çinarə Səfərova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf edərək regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib.
Mühəndislik fakültəsinin II kurs tələbəsi Ruslan Novruzəliyev “Azərbaycanım” şeirini, Aqronomluq fakültəsinin I kurs tələbəsi Eltun Məmmədov “Canımda qanımsan, Azərbaycanım” şeirini səsləndiriblər.
Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.