ADMİU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, 8 ölkəni təmsil edən nümayəndələrin iştirak etdikləri tədbirdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.
Rektor bu il universitetdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə konfransların, dəyirmi masaların, digər tədbirlərin təşkil olunduğunu deyib.
Cəmiyyətin tərəqqisində elmin, təhsilin, mədəniyyətin mühüm rolundan danışan C.Mahmudova ölkəmizdə bu sahələrə xüsusi diqqət göstərildiyini bildirib.
Elm və Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova ADMİU-nun Azərbaycan mədəniyyətinin və təhsilinin inkişafında rolundan danışıb, kollektivi universitetin 100 illik yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Şimali Kipr Türk Respublikasının dövlət xadimi Serdar Tekdaş, Urgənc Dövlət Pedaqoji Universitetinin rektoru Firuzə Madrahimova, Ege Universitetinin professorları Füsun Topsumerov, Aylin Göztaş, Uludağ Universitetinin professoru Mehmet Yüce, türkiyəli araşdırmaçı Baha Ahmet Yılmaz və başqaları çıxış edərək ADMİU-nun 100 illik yubileyi münasibətilə kollektivi təbrik edib, Azərbaycanın öncül yaradıcıyönümlü ali təhsil ocağı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər rektor Ceyran Mahmudovaya öz ölkələrinin milli atributlarını əks etdirən xatirə hədiyyələri təqdim ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafına xüsusi önəm verdiyini bildirib. O, konfransa ev sahibli etməkdən qürur duyduqlarını söyləyib.
K.Tahirov ADMİU-nun kitabxanasına dəyərli nəşrlər hədiyyə edib.
Sonra Azərbaycanın və Özbəkistanın Xalq artisti, ADMİU-nun Muğam sənəti kafedrasının baş müəllimi Gülyanaq Məmmədovanın ifaları dinlənilib.
Daha sonra sənətşünaslıq, təsviri sənət, musiqi sənəti, kinoşünaslıq və teatrşünaslığa dair bölmə iclasları olub.