ELM VƏ TƏHSİL
ADNSU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev ulu öndər Heydər Əliyevin ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini vurğulayıb. Cəmiyyətdə dilin mühüm rolundan danışan prorektor Azərbaycan dilinin zəngin dil olduğunu diqqətə çatdırıb.
Professor Rüstəm Kamal ana dilinin hər bir xalq üçün əvəzsiz sərvət olduğunu deyib, ADNSU-da Azərbaycan dilinin tədrisinə göstərilən diqqət və qayğıdan bəhs edib.
Sonra tələbələr ana dilinə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub.