ADU-da “Gənclərin gələcəyi Vətənimizin gələcəyidir” mövzusunda debat keçirilmişdir
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə kafedrasının, “Yeni Yol” və “Aydınlığa doğru” ictimai birliklərinin təşkilatçılığı ilə “Gənclərin gələcəyi Vətənimizin gələcəyidir” layihəsi çərçivəsində debat keçirilmişdir.
ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırmış, ADU-nun tələbələrinin də belə işlərdə fəal iştirakından danışmışdır. Universitetdə ardıcıl olaraq gənclərin sağlamlığına yönəlmiş tədbirlərin keçirildiyini deyən prorektor bunun tələbə və gənclərə müsbət təsirindən bəhs etmişdir.
“Yeni Yol” ictimai birliyinin sədri A.Abdullayev debatın keçirilməsinə şərait yaratdığına görə ADU rəhbərliyinə təşəkkür etmişdir. Ölkə vətəndaşlarının 38 faizinin gənclərdən ibarət olduğunu xatırladan A.Abdullayev rəhbərlik etdiyi təşkilatın gəncləri narahat edən, onları maraqlandıran məsələlərlə əlaqədar bir sıra layihələr həyata keçirdiyini söyləmişdir.
Regional Psixologiya Mərkəzinin rəhbəri Murad İsayev bildirmişdir ki, debatın keçirilməsində məqsəd həm də tələbə gənclərin öz fikirlərini açıq demələrinə şərait yaratmaqdan ibarətdir. Zərərli vərdişlərin insanları dünyadan təcrid etdiyini bildirən M.İsayev tələbələri debatda aktiv olmağa səsləmişdir.
“Gənclərin gələcəyi Vətənimizin gələcəyidir” layihəsinin Məsləhət Şurasının sədri, professor Şahlar Əsgərov XXI əsrin çətin əsr olduğunu diqqətə çatdırmış, tələbə gənclərə proses və hadisələrin obyekti yox, subyekti olmağı tövsiyə etmişdir.
Debatda digər çıxış edənlər də tələbələrə həyatda aktiv olmağı, öz çətinlik və problemlərini digərləri ilə bölüşməkdən çəkinməməyi, “Mən kiməm?” sualını özlərinə verib cavab axtarmağı, zərərli vərdişlərdən uzaq durub fiziki və mənəvi sağlamlığın keşiyində durmağı məsləhət bilmişlər.
Sonda tədbir sual-cavab formasında davam etdirilmişdir.
######
