ADU ilə Alpen-Adria Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Azərbaycan Dillər Universitetində (ADU) “Bakıda Avstriya ədəbiyyatı günləri” adlı konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun rektoru, professor, Milli Məclisin deputatı Səməd Seyidov, Avstriyanın ölkəmizdəki səfiri Silvia Mayer-Kaybiç, səfirliyin mədəni işlər üzrə nümayəndəsi Ziqlinde Şpanlanq, Avstriyanın Klaqenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri professor Klaus Amman, həmin institutun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də müxtəlif universitetlərdən almandilli ədəbiyyatla məşğul olan müəllimlər də iştirak etmişlər.
Konfransın açılış mərasimində çıxış edən ADU-nun rektoru, professor S.Seyidov iki ölkənin ali təhsil ocaqları arasındakı əlaqələrdən danışmışdır. Bildirmişdir ki, Avropanın və dünya ədəbiyyatının tərkib hissəsi olan Avstriya ədəbiyyatı ADU-da uzun illərdir öyrənilir. Azərbaycan və Avstriya ədəbiyyatları arasındakı əlaqələr ADU-da Avstriya mərkəzinin yaradılmasından sonra xüsusi impuls almışdır. Azərbaycan ədəbiyyatı nümunələrinin alman dilinə, Avstriya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunmasına başlanılmışdır. Azərbaycan gəncləri artıq alman dilində ədəbiyyatla tanış ola bilirlər.
Konfransın Avstriya ədəbiyyatını Azərbaycan ədəbiyyatına daha da yaxınlaşdıracağını vurğulayan natiq Azərbaycan ədəbiyyatı ilə bağlı Avstriyada da belə konfransın keçiriləcəyinə ümid etdiyini bildirmişdir. Universitetin gələcəkdə də xaricdəki ali təhsil ocaqları ilə əməkdaşlıq edəcəyini diqqətə çatdırmışdır.
Avstriyanın ölkəmizdəki səfiri Silvia Mayer-Kaybiç konfransın iki ölkənin ədəbiyyatının öyrənilməsi, təhsil, mədəniyyət və ədəbiyyat sahəsindəki əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulamış, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Tədbirdə ADU ilə Alpen-Adria Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Konfransda Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor K.Amman, həmin institutunun bölmə rəhbəri V.Fanta, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev məruzələrlə çıxış etmişlər.
Alpen-Adria Universitetinin əməkdaşı, ədəbiyyatşünas Maja Haderlap isə Avstriya ədəbiyyatından seçilmiş şeirlər səsləndirmişdir.
Konfrans mayın 18-də işini davam etdirəcəkdir.
######
