ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın ölkəmizdə diplomatik missiyası başa çatan səfiri Katsuya Vatanabe ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Kamal Abdulla Azərbaycanla Yaponiya arasında mövcud dostluq münasibətlərinin təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını vurğulayıb. O, ADU-nun beynəlxalq əlaqələrin inkişafına, müxtəlif xalqların dillərinin və mədəniyyətlərinin öyrənilməsinə xüsusi önəm verdiyini qeyd edib. Bildirib ki, ADU-da dillərin tədrisi ilə yanaşı, tələbələrin müxtəlif xalqların tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmaları üçün də geniş imkanlar mövcuddur.
Görüşdə universitetdə yapon dilinin tədrisi, Yaponiya mədəniyyətinin və adət-ənənələrinin öyrənilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Katsuya Vatanabe Azərbaycanla Yaponiya arasında əlaqələrin inkişafında təhsil və mədəniyyət mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, iki ölkə arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.