ADY Onlayn İctimai Nəzarət Platforması tərəfindən mükafatlandırılıb
Bakı, 27 fevral, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti vətəndaşların müraciətlərinə baxılması və qeyd olunan problemlərin həllində fəal iştirakına görə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) tərəfindən təltif olunub.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu barədə 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə keçirilən dəyirmi masada qeyd olunub. ADY daxil olan vətəndaş müraciətlərinin cavablandırılmasında və operativ həllində xüsusi aktivlik nümayiş etdirib. Bununla bağlı olaraq, ADY nümayəndələrinə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsi çərçivəsində icra edilir. Layihənin icraçısı "MG Consulting" MMC-dir.
Onlayn İctimai Nəzarət Platformasının məqsədi vətəndaşları narahat edən infrastruktur, kommunal, yol təsərrüfatı və digər sahələrlə bağlı müraciətləri aidiyyəti qurumlara yönləndirmək və onların həllinə nail olmaqdır. Platforma eyni zamanda ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirir.