AFFA-NIN NÖVBƏDƏNKƏNAR KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 20-də AFFA-da qurumun növbədənkənar konfransı keçirilmişdir.
Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etdikdən sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gələrək, Vətən yolunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının xatirəsini anmışlar.
Gənclər və idman naziri Azad Rəhimovun və Nazirlər Kabinetinin məsul nümayəndəsi Alimşah Teymurlunun da iştirak etdiyi konfransda, əvvəlcə Qərb Regional Futbol Federasiyanın prezidenti Zahid Əsgərova 70 illik yubileyi münasibətilə gül dəstəsi təqdim olunmuşdur.
Konfransın gündəliyində duran əsas məsələ - klubların, futbolçu və məşqçilərin sifariş qiymətlərinin endirilməsi və legioner limiti ilə bağlı olmuşdur.
AFFA prezidenti R.Mirzəyev bildirmişdir ki, rayonlarda maliyyə imkanları zəif olan klubların müraciətindən sonra legioner limiti və üzvlük haqlarına yenidən baxılması qərara alınmışdır. Qeyd olunmuşdur ki, üzvlük haqlarının azaldılması bölgələrdə futbolun kütləviliyinin artırılmasına kömək edəcəkdir.
Müzakirələrdən sonra yerli futbolçu üçün sifariş qiyməti 1000 manat, əcnəbi futbolçu üçün isə 8 min manat müəyyən edilmişdir. Bununla yanaşı, yerli baş məşqçi üçün sifariş qiymətləri 10 min manatdan 5 min manata, əcnəbi məşqçilər üçün isə 50 min manatdan 20 min manatadək azaldılmışdır. Digər qərara əsasən, legioner limiti 3+2 kimi müəyyənləşdirilmişdir.
Çempionat ərzində eyni xal toplamış komandalar arasında qalibi müəyyən etmək məqsədi ilə keçirilən “qızıl oyun” ləğv olunmuşdur. Bundan sonra iki və daha çox komandanın topladığı xallar bərabər olarsa, üstünlük ən çox qələbə qazanmış və ya şəxsi görüşlərdə ən yaxşı nəticə göstərmiş komandaya veriləcəkdir.