AFFA-NIN SAYTI TƏKMİLLƏŞDİRİLMİŞDİR
İstifadəçilər saytda AFFA-nın tarixi, strukturu və s. barədə məlumatlarla yanaşı, ölkə futbolu haqqında da xəbərlər əldə edə biləcəklər.
Yığma komandalara aid bölmədə Azərbaycanın bütün yaş qrupları üzrə milli komandaları barədə məlumatlar yerləşdirilmişdir. Ölkə futbolu bölməsində isə güclülər və birinci dəstə, eləcə də, futzal üzrə Azərbaycan çempionatları haqqında son yeniliklərlə tanış olmaq mümkündür.
Saytda eyni zamanda ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri barədə geniş məlumatlar, həmçinin ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırımı siyasəti haqqında materiallar da əksini tapmışdır.
Yeni formatda tərtib olunmuş saytda AFFA-nın baş katibi Fuad Əsədovla müsahibə də dərc olunmuşdur. AFFA rəsmisi Azərbaycanda futbolun son dövrlərdəki inkişaf tendensiyasını diqqətə çatdırmış, bu populyar idman növünə dövlət səviyyəsində yüksək qayğının göstərilməsini təqdirəlayiq hesab etmişdir. Fuad Əsədov bildirmişdir ki, ötən il Azərbaycanın 17 və 19 yaşlılardan ibarət yığma komandalarının, eləcə də, “Araz” futzal klubunun UEFA kuboku turnirində ikinci mərhələyə adlaması ölkəmizdə gənc və istedadlı futbolçuların yetişməsinin təzahürüdür.