AĞ GÖL QORUĞUNUN ƏRAZİSİ GENİŞLƏNDİRİLƏCƏK
Almaniyanın Mixail Zukkov Təbiəti Mühafizə Fondu yaxın vaxtlarda Azərbaycan Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə birgə “Ağ göl qoruğunun xilası” layihəsini geniş miqyasda həyata keçirməyə başlayacaqdır. Bu fondun ekspertləri Hartmurt Müller və İoahim Martes 20 gün ərzində qoruqda mühafizə, Ağ gölə su verilməsi sistemlərinin, suyun keyfiyyətinin, işçilərin ixtisas səviyyəsinin öyrənilməsi ilə məşğul olmuşlar. Martın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş mətbuat konfransında jurnalistlərə bildirilmişdir ki, layihə 15 ay müddətinə nəzərdə tutlmuşdur və Almaniya fondu həmin layihəyə 40 min dollar ayırır. Layihə çərçivəsində Ağ gölün su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görüləcək, qoruğun əməkdarşlarına Almaniyada ixtisaslarını artırmaq imkanı veriləcəkdir. Nazirliyin mütəxəssisləri bu il göldə suyun artım səviyyəsinin monitorinqini keçirəcək, onun tərkibində ağır metalların olub-olmamasını araşdıracaqdır. Almaniya ekspertlərinin fikrincə, gölə axan su standartlara uyğundur.
Ekologiya və təbii sərvətlər naziri Hüseyin Bağırov mətbuat konfransındakı çıxışında bildirmişdir ki, Ağ göl qoruğunun ərazisi genişləndirilərək 15 min hektara çatdırılacaqdır. Dövlət tərəfindən mühafizə olunan digər qoruqların ərazisinin genişləndirilməsi üçün də tədbirlər görüləcəkdir. Hazırda milli “Şahdağ” parkının yaradılması layihəsinə qrant almaq üçün Yaponiya hökuməti ilə danışıqlar aparılır. Azərbaycan hökumətində bəyənilmiş bu layihədə ölkə ərazisində ilk dəfə olaraq bir necə qoruq və yasaqlıqın sahəsini əhatə edən milli park yaratmaq nəzərdə tutulmuşdur. Hüseyin Bağırov vurğulamışdır ki, belə bir parkın yaradılması flora və faunanın qorunmasını yaxşılaşdırmaqla yanaşı, ekoturizmin inkişafına da təkan verəcəkdir.
“Ağ göl qoruğunun xilası” Almaniya fondunun Azərbaycanda həyata keçirəcəyi ilk layihədir. Amma, nazirin dediyi kimi, Dünya Yabanı Təbiət Fondu və digər beynəlxalq təşkilatlar da Azərbaycanın bənzərsiz təbiətinə maraq göstərirlər. Almaniya ekspertləri demişlər ki, apardıqları araşdırmalar zamanı onlar bir çox Avropa ölkələrində kökü kəsilmiş hesab olunan quşları Ağ göldə müşahidə etmiş və ümumiyyətlə, bu qoruğun heyvanat aləminin rəngarəngliyinə heyran olmuşlar.