Ağcabədi ziyalısı: Həm təbiətimizə töhfə verir, həm də Nəsiminin irsinə ehtiram nümayiş etdiririk
Ağcabədi, 6 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızda yaşıllıqların artırılmasına diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü bu sahədə növbəti nəcib addımdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səadət Kazımova deyib.
Ağcabədililərin hər il təbiətin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edən aksiyalarda həvəslə iştirak etdiyini bildirən S.Kazımova deyib: "Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən genişmiqyaslı ağacəkmə kampaniyasına da böyük həvəslə qatılmışıq. Respublikamızın hər yerində bu aksiyaya qoşulanlar həm təbiətimizə töhfə verir, həm də dahi söz ustadı İmadəddin Nəsiminin əsrlərdən gələn zəngin ədəbi və mənəvi irsinə məhəbbət və ehtiramını nümayiş etdirmiş olurlar. Bu nəcib təşəbbüsə görə Ağcabədi ziyalısı kimi Mehriban xanıma minnətdarlığımı bildirirəm".