Ağcabədidə Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd edilib
Ağcabədi, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Regional Mədəniyyət İdarəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə milli musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli Musiqi Gününün keçirilməsindən, mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən danışılıb.
Tədbirin bədii hissəsində yerli incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnılarından ibarət rəngarəng konsert proqramı təqdim edilib.
Sonda Milli Musiqi Günü münasibətilə fərqlənən bir qrup müəllim, şagird və mədəniyyət işçiləri Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.