Ağdamda bərpa olunmuş kəhriz yerli icmaya təhvil verilib
Bakı, 6 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi bərpa etdiyi Şəmsi kəhrizini Ağdam rayonunun Mirəşelli kənd icmasının istifadəsinə verib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, bu, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində təhvil verilmiş ilk kəhrizdir.
Su sərfi 27 litr-saniyəyə bərabər olan kəhriz 214 ailəni içməli, 75 ailəni və 90 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək.
Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə vermək. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Bu layihə kəhrizlərin bərpası, icmaların və kankanların bacarıqlarının artırılması olmaqla üç fərqli, lakin sıx əlaqəli yanaşma çərçivəsində icra olunur.