REGİONLAR
Ağdamlı fermer: Pambıqçılığın dirçəldilməsi həm də kənd sakinlərinin məşğulluğunun təmin olunması deməkdir VİDEO
Ağdam, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əgər ötən il rayon ərazisində 36 hektarda pambıq əkilmişdisə, bu il 551 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür. Pambığı əsasən “CTS Aqro” MMC-nin pambıq istehsalı və emalı zavodu və “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında becərən fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.
Rayonun pambıqçılıq sahəsində ən nümunəvi fermerlərindən olan Üçoğlan kənd sakini Həsrət Səfərov AZƏRTAC-a müsahibəsində bildirib ki, ölkəmizdə pambıqçılığın dirçəldilməsi kənd sakinlərinin sevincinə səbəb olub: “CTS Aqro” MMC ilə müqavilə əsasında 53 hektarda pambıq becərmişik. Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib. Artıq bu gündən pambıq yığımına start vermişik. Hər hektardan 40 sentnerdən yuxarı məhsul gözləyirik. İnanıram ki, tarlalardan 200 ton pambıq götürəcəyik”.
Fermer qeyd edib ki, pambıqçılığın dirçəldilməsi həm də kənd sakinlərin məşğulluğunun təmin olunması, maddi rifah halının yaxşılaşması deməkdir. Təsərrüfatda 50 ailə işlə təmin olunub ki, iyun ayından indiyədək onlara 18 min 500 manat əməkhaqqı verilib.
“Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda pambıqçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə mən də iştirak etmişəm. Dövlətimizin başçısının müşavirədə pambıqçılığın inkişafı ilə bağlı çıxışından ruhlanaraq gələn il 300 hektar sahədə pambıq becərməyi nəzərdə tutmuşam”, – deyə Həsrət Səfərov bildirib.