Ağdaşda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə 90 min ağac əkiləcəkdir
Ağdaş, 14 mart (AZƏRTAC). Ağdaş Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq 2013-cü ildə rayon ərazisində 90 min ədəd ağac əkilməsi təşəbbüsü irəli sürülmüşdür. Ağac əkiləcək ərazilər plan üzrə idarə və təşkilatlar arasında bölünmüşdür.
Ağdaş şəhərində və kəndlərdə hər həftənin şənbə və bazar günlərində keçirilən iməciliklərdə idarə, müəssisə və təşkilatlardan, mədəniyyət, təhsil və səhiyyə ocaqlarından minlərlə adam iştirak edir. Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları ağacların əkilməsi, qulluq edilməsi barədə iməcilik iştirakçılarını məlumatlandırırlar. Kiçik ağacların suvarılması və küləkdən qorunması üçün də tədbirlər görülür.
Bu günədək Ağdaş şəhərində küçə kənarlarına, park və bağlara, sosial obyektlərin ətrafına, kəndlərdə yolların kənarına, ümumilikdə 40 min ədəd müxtəlif növ ağac və gül kolu əkilmişdir. İməciliklər zamanı rayon ərazisindən keçən Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarının kənarlarında da təmizlik-abadlıq işləri görülür, yaşıllıq zolağı salınır. İlin sonunadək rayonda daha 50 min ağacın əkilməsi nəzərdə tutulur.
Ağac əkini kampaniyası zamanı Ağdaş meşələrin mühafizəsi və bərpası müəssisəsinin 7 hektar ərazisi olan tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur. Müəssisənin kollektivi bu ilin 3 ayı ərzində plana uyğun olaraq 30 hektar sahədə 75 min ədəd ağac əkmişdir.