QAN YADDAŞI
AĞSUDA 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Ağsu, 19 yanvar (AZƏRTAC). 1990-cı ilin 20 Yanvar faciəsi o vaxt çökməkdə olan sovet imperiyasının xalqımızın azadlıq istəyini boğmaq üçün törətdiyi ən qanlı hadisə idi. Bakıya yeridilmiş ağır texnikanın köməyi ilə xüsusi təyinatlı qoşun növlərinin həyata keçirdikləri ağılasığılmaz qanlı aksiya zamanı dinc əhali - qadınlar, uşaqlar, qocalar, hətta yaralılara köməyə tələsən tibb işçiləri də misli görünməmiş amansızlıqla qətlə yetirilmişlər.
Bu fikir yanvarın 19-da Ağsu şəhərindəki mədəniyyət sarayında faciənin 20-ci ildönümü münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə səslənmişdir.
Tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Mirqubat Orucov “Milli qürur günü” mövzusunda məruzə ilə çıxış etmişdir.
Mərasimdə bildirilmişdir ki, o vaxt Azərbaycanın informasiya blokadasına alındığı, bütün dünyadan təcrid olunduğu bir vaxtda - yanvarın 21-də bu dəhşətli faciəyə qarşı ilk etiraz səsini Moskvada həyatına yaranmış ciddi təhlükədən qorxmayaraq Azərbaycan nümayəndəliyinə gələn xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev qaldırmışdır. Həmin gün ulu öndərin verdiyi kəskin bəyanat 20 Yanvar faciəsinin əsl siyasi-hüquqi qiyməti idi. Ümummmilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra məhz ulu öndərimizin təşəbbüsü ilə bütün maneələrə baxmayaraq, azərbaycanlılara qarşı imperiya qüvvələri tərəfindən törədilmiş bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmış, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır. Ulu öndərin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla faciə qurbanlarına “20 Yanvar şəhidi” fəxri adı verilmışdir.
Toplantının sonunda rayon mədəniyyət işçilərinin hazırladıqları “Milli qürur günü” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.