Ahılların və Uşaq evinin sakinlərinin iştirakı ilə “Arşın mal alan” tamaşası nümayiş olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyi və 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş “Arşın mal alan” tamaşası nümayiş etdirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının təbliği, ahıllara və uşaqlara sosial-psixoloji dəstək, onların cəmiyyətə inteqrasiyasına, eyni zamanda, sosial reabilitasiyasına şərait yaratmaqdır.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev bildirib ki, bütün sosial xidmət müəssisələrində, həmçinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində və uşaq evlərində müasir tələblərə uyğun şərait yaradılıb. Həmin müəssisələrdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, o cümlədən onların mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. də təşkil olunur. Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dən, Uşaq evi sosial xidmət müəssisəsində isə 450-dən çox sakin yaşayır.