DÜNYA
Aİ məhkəməsi müsəlman qadınların iş yerlərində hicab taxması ilə bağlı qərar verib
Bakı, 29 noyabr, AZƏRTAC
Avropa İttifaqının Ədalət Məhkəməsi çərşənbə axşamı günü üzv dövlətlərin hökumət orqanlarında illərdir mübahisəyə səbəb olan məsələ ilə bağlı son qərarında işçilərə dini inanc əlamətləri kimi hicab taxmağın qadağan edilə biləcəyi barədə qərar verib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Belçikanın şərqindəki Ans bələdiyyəsinin əməkdaşına iş yerində hicab taxa bilməyəcəyi ilə bağlı xəbərdarlıqdan sonra Avropa İttifaqı (AİB) Ədalət Məhkəməsi bu məsələyə baxıb. Həmin bələdiyyə sonradan öz işçilərindən dini və ya ideoloji inancın açıq əlamətlərini geyinməməklə ciddi neytrallığa riayət etmələrini tələb etmək üçün iş şərtlərini dəyişib. Qadağaya məruz qalan müsəlman qadın dini etiqad azadlığı hüququnun pozulduğunu bildirərək məhkəməyə müraciət edib.
Başa və çiyinlərə örtülən ənənəvi baş örtüyü olan hicab illərdir ki, bütün Avropada mübahisə doğuran məsələyə çevrilib. Aİ Ədalət Məhkəməsi bildirib ki, neytral inzibati mühit yaratmaq məqsədi daşıyan ciddi neytrallıq siyasəti qanuni məqsədlə obyektiv əsaslandırılmış hesab edilə bilər. Məhkəmə əlavə edib ki, başqa bir dövlət idarəsi də ümumi və ayrı-seçkilik etmədən görünən inanc əlamətlərindən istifadəyə icazə vermək qərarına gəlsə, ona da haqq qazandırılacaq.
Məhkəmə bildirib ki, üzv dövlətlərin səlahiyyətli orqanları təşviq etmək niyyətində olduqları ictimai xidmətin neytrallığını dizayn etməkdə ixtiyar sahibidirlər. Bununla belə, bu məqsəd ardıcıl və sistemli şəkildə həyata keçirilməli, hörmət və ləyaqət prinsiplərinə uyğun olmalıdır.