Akademik: 28 May Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyır
Naxçıvan, 26 may, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələri və istiqlal mübarizəsinin milli tariximizdəki yeri geniş müzakirə olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 28 May tarixinin Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.
Akademik İsmayıl Hacıyev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlət quruculuğu istiqamətində mühüm addımlar atıb.
İsmayıl Hacıyev çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən islahatlardan, milli ordunun yaradılmasından bəhs edib.
Akademik vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin ideya əsasları bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilir. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmləndirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanaraq beynəlxalq arenada nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından əvvəlki ictimai-siyasi şərait, fəaliyyətə başladıqdan sonra həyata keçirilən tədbirlər, aparılan islahatlar, eləcə də daxili və xarici siyasətin əsas istiqamətləri barədə ətraflı məlumat verilib.
Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov çıxış edərək 28 May tarixinin milli təfəkkür və istiqlal düşüncəsi tariximizdə xüsusi yer tutduğunu bildirib. O, Azərbaycan istiqlal ideyasının ədəbi-fəlsəfi təcəssümü kimi qiymətləndirilən M.Ə.Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərindən müəyyən hissələri səsləndirib.