ELM VƏ TƏHSİL
Akademik: Fransanın ölkəmizə qarşı atdığı addımlar anti-Azərbaycan təbliğatının nəticəsidir
![Akademik: Fransanın ölkəmizə qarşı atdığı addımlar anti-Azərbaycan təbliğatının nəticəsidir](/files/2024/1/1200x630/17066890093204424688_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Fransanın, onun dövlət qurumlarının son zamanlar ölkəmizə qarşı atdığı addımlar anti-Azərbaycan təbliğatının nəticəsidir. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra bu proses daha da sürətlənib, pərdələndiyi demokratiya və beynəlxalq hüquq arxasından çıxaraq açıq anti-Azərbaycan xarakteri alıb. Əslində isə bu prosesin ayrı-ayrı təzahürləri illər boyu özünü göstərirdi. Məlumdur ki, Fransada böyük erməni lobbisi və çoxsaylı erməni diasporu var və onların uzun illər göstərdiyi fəaliyyət nəticəsiz qalmayıb. İş o yerə çatıb ki, yanvarın 11-də Azərbaycan haqqında obyektiv fikir söyləyən Rəşidə Datinin Fransanın mədəniyyət naziri təyin olunması ermənilər tərəfindən böyük etiraz aksiyası ilə qarşılanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.
“Ötən ilin iyun ayında birhəftəlik Parisə səfər etmişdim. Məqsədim Fransa Milli Kitabxanasında elmi ədəbiyyatla tanış olmaq idi. Ancaq bu, mənə müyəssər olmadı. Əməkdaşlar bildirdilər ki, Azərbaycan bu kitabxanaya abunə olmadığı üçün məni xüsusi fondlara buraxa bilməzlər. Mən dünyanın bir çox milli kitabxana və arxivlərində çalışmışam, ancaq belə qayda ilə ilk dəfə qarşılaşırdım. Elə həmin Parisdə 2012-2013-cü illərdə kitabxanalarda ölkəmizlə bağlı məlumatlar və xəritələr axtarmışam. Ancaq bu kimi tələb mənim qarşımda o zaman qoyulmayıb. Daha sonra Fransa Milli Kitabxanasına Azərbaycan haqqında müxtəlif dillərdə ədəbiyyat təqdim etmək istəyəndə etirazla qarşılaşdım. Mənə bildirdilər ki, kitabxana yalnız fransız dilində kitablar qəbul edir. Əvvəlki illərdə AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Azərbaycanda akkreditasiya olunmuş Fransa səfiri vasitəsilə Parisdə yerləşən məşhur İNALCO (Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutu) ilə əməkdaşlığımız var idi. Bu institutun alimləri və pedaqoqları vaxtaşırı Bakıya gəlib kollektivimiz qarşısında mühazirələr oxuyurdular. Fransaya sonuncu səfərim zamanı İNALCO-nun rektoru ilə görüşmək arzumu iki həftə öncə bildirsəm də, məlum oldu ki, rektor “işinin çoxluğundan bizi qəbul edə bilmir”. Çox təəssüf ki, Balzak, Zolya, Mopassan və digər bu kimi böyük mədəniyyət daşıyıcılarının vətənində bu gün erməni fitnəsinə uyaraq ağı qaradan seçə bilmirlər və dünya erməniliyinin əlində qisas alətinə çevrilirlər”, - deyə G.Baxşəliyeva bildirib.