ELM VƏ TƏHSİL
Akademik Şahin Mustafayev Qazaxıstanın elm və ali təhsil naziri ilə görüşüb
![](/files/galleryphoto/2024/1/1200x630/1706623555857942785_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706623555218158582_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066235555213230182_1200x630.jpg)
Bakı, 30 yanvar, AZƏRTAC
Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, əvvəlcə nazir Sayasat Nurbek Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Beynəlxalq Türk Akademiyasına ünvanladığı təşəkkür məktubunu akademik Şahin Mustafayevə təqdim edib.
Daha sonra Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının ötənilki fəaliyyətinin yekunları və bu il həyata keçirilən əsas layihələr barədə məlumat verib.
Görüşdə Beynəlxalq Türk Akademiyası Elm şurasının növbəti iclasında müzakirə olunacaq məsələlər, eləcə də türkdilli ölkələr arasında elm və ali təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Sonda Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə çapdan çıxmış Əhməd Baytursınulının əsərlərindən ibarət 5 cildlik akademik tədqiqatı nazirə təqdim edib.