Akademik: Türk xalqlarının mədəni və mənəvi birliyini onların siyasi birliyi tamamlamalıdır
Bakı, 1 noyabr, Səadət Hakıyeva, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev həmişə çıxışlarında vurğulayırdı ki, türk xalqlarının mədəni və mənəvi birliyini onların siyasi birliyi tamamlamalıdır. Biz “bir millət, iki dövlət”lə başladıq və indi sıralarımız getdikcə genişlənir. Nəticə etibarilə, hazırda özünü təsdiq edən 25 türkdilli dövlət var. Təbii ki, buraya muxtariyyət əldə edənlər də daxildir. Etnik kökümüz, oxşarlıqlarımız olsa da, fərqlər də mövcuddur.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü akademik Nizami Cəfərov ilə bağlı danışarkən deyib.
Akademik diqqətə çatdırıb ki, xalqlar zamanla diferensiasiya olunur, bölünür. Bölünmə prosesi ilə yanaşı, kökü bir mənbədən gələn xalqlar arasında inteqrasiya prosesinin getməsi təsadüfi deyil. İnteqrasiya prosesinə roman, german, ərəb, fars və təbii ki, türk xalqları da can atırlar. “Türkdilli xalqları, dövlətləri bir araya gətirən Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası kimi qurumlar da məhz bu məqsədə, yəni, inteqrasiyaya xidmət edir. Bu prosesdə iştirak edən qurum və təşkilatların başında Türkdilli Dövlətlər Təşkilatı (TDT) dayanır. Bu qurumun türkdilli dövlətlərin inteqrasiyası istiqamətində fəaliyyəti təqdirəlayiqdir”, - deyə N.Cəfərov qeyd edib.
Onun sözlərinə görə, bu prosesdə məqsəd türkdilli dövlətlərin bir-biri ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin dərinləşdirilməsi, birliyin, həmrəyliyinin gücləndirilməsidir. Türk dövlətlərinin parçalanmış şəkildə deyil, birlikdə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Bunun insanlığa, bəşəriyyətə faydasından, səmərəsindən başqa heç bir ziyanı yoxdur və ola da bilməz. Çünki türk xalqları hər zaman humanistliyi, başqalarının hüquqlarına hörmətlə yanaşmağı üstün tutub. Hansı qüvvələr bundan ehtiyatlanırsa, bu, onların problemidir.
Türkdilli dövlətlərin, xalqların birləşməsinin dünyada harmoniya yaratdığını vurğulayan Atatürk Mərkəzinin rəhbəri deyib: “Bu yaxınlarda türkdilli dövlətlərin elm adamlarının iştirakı ilə toplantı keçirildi. Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlərdən nümayəndələr iştirak edirdilər. Biz latın qrafikası məsələsini müzakirə etdik. Toplantının sonunda latın qrafikasının mütləq yaradılması barədə yekdil qərar verildi. Çünki bunu bizdən qloballaşan dünya, reallıqlar və türk inteqrasiyası tələb edir. Əlifbada səsin eyni hərflə ifadə edilməsi təklif olundu. Dilimizi başa düşməyə bilərik, amma bir-birimizin yazılarını birbaşa oxuya bilmək daha yaxşıdır. O da qərara alındı ki, bir türk dili o biri türk dilinə təzyiq etməməlidir”.
Nizami Cəfərov vurğulayıb ki, türkdilli dövlətlərin inteqrasiyası fərqliliklərin və uyğunluqların məcmusunu özündə ehtiva edir. Dil, xalq, mədəniyyət diferensiasiya olunacaq. Bizim şüarımız diferensiasiyadan daha çox inteqrasiyadır.