AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA PARK ZAQATALAYA DAHA DA GÖZƏLLİK VERİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Zaqatala şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkın açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın açılışında iştirak etmişlər.
İki hektar ərazisi olan parkda tikinti işlərinə 2006-cı ildə başlanmışdır. Burada çoxlu dekorativ ağac, gül və kollar əkilmişdir. İki fəvvarə, müasir işıqlandırma sistemi, yaraşıqlı oturacaqlar parka əlavə gözəllik verir. Burada konsertlər üçün açıq səhnə də quraşdırılmışdır.
Parkın ərazisində ana və uşaqlar üçün kafe, yaşlıların asudə vaxtının səmərəli təşkili üçün mərkəz də yaradılmışdır. Gələcəkdə müxtəlif karusellər quraşdırılacaq, şou-əyləncə mərkəzi yaradılacaqdır.
Dövlətimizin başçısı və xanımı akademik Zərifə xanım Əliyevanın parkdakı büstü önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev parkda yaradılan şəraiti yüksək qiymətləndirdi və insanların asudə vaxtlarını səmərəli keçirməsi, mədəni istirahəti üçün bu cür guşələrin zəruri olduğunu bildirdi.
######
![]() |
![]() |

