AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA QIZLAR LİSEYİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Zaqatala şəhərində akademik Zərifə Əliyeva adına qızlar liseyinin açılışı olmuşdur.
Prezident İlham Əliyevi təhsil işçiləri, liseyin kollektivi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və liseylə tanış oldu. Prezidentə məlumat verildi ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş 500 şagird yerlik lisey binasının təməli 2007-ci ildə qoyulmuşdur. İkimərtəbəli binanın ümumi sahəsi 5100 kvadratmetrdir. Burada 50 otaq, o cümlədən 9 sinif otağı, 15 fənn kabineti, kompyuter otağı, habelə akt və idman salonları vardır. Binanın həyətində idman meydançası da tikilmişdir. Binanın ayrıca qazanxanası, nasos stansiyası, iki su anbarı vardır.
Prezident İlham Əliyev liseyin kollektivini bu gözəl təhsil ocağının açılışı münasibətilə təbrik etdi.
Liseyin həm xarici, həm də daxili görünüşünün gözəl olduğunu bildirən dövlətimizin başçısı burada şagirdlərin yaxşı təhsil alması üçün müasir şəraitin yaradıldığını söylədi.
Prezident İlham Əliyev liseyin kollektivi ilə xatirə şəkli çəkdirdi.