Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Aktau, 23 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu bu şəhərin ali məktəblərində təhsil alan tələbələrlə birgə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirmişdir.
Tədbirdə Məngistay vilayətindəki “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərləri, jurnalistlər iştirak etmişlər.
Tədbirin əvvəlində tələbələr tərəfindən Aktau şəhərinin müxtəlif yerlərində və baş konsulluğun ərazisində Xocalı soyqırımında həlak olmuş 613 şəhidin xatirəsi ilə bağlı səmaya müxtəlif dillərdə “Xocalıya ədalət” sözləri yazılmış 613 şar buraxılmışdır.
Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasim iştirakçıları Baş konsulluqda Xocalı soyqırımını əks etdirən fotosərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” silsiləsindən nəşrlər və ermənilərin azərbaycanlılara qarşı uzun illər apardıqları mənfur siyasətdən bəhs edən digər kitablarla tanış olmuşlar. Tədbir iştirakçılarına tələbələr tərəfindən “Xocalıya ədalət!” kampaniyasının loqosu ilə hazırlanmış döş nişanları paylanılmışdır.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov 20 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə divan tutulması haqqında məlumat vermiş və ermənilərin son 200 ildə xalqımıza qarşı apardıqları soyqırımı siyasətindən danışmışdır. R.Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralından başlayaraq həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumat vermişdir
AMM-in sədri, professor Yusif Quliyev, Azərbaycan diasporunun fəal üzvü, istefada olan mayor Bəxtiyar Məsimov ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilən cinayətlərdən danışmışlar.
Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Firuzə Məsimova, Hüseyn Məmmədov, Aynur Hacıyeva və İlkin Orucov Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş amansız və qanlı cinayətlərdən biri olduğunu qeyd etmiş, bu hadisələr haqqında həqiqəti əks etdirən məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən Qazaxıstan gənclərinə çatdırılmasının vacibliyini vurğulamışlar. Aktauda təhsil alan tələbələr adından dünyanın aparıcı dövlətlərinin başçılarına və parlamentlərinə müraciət qəbul olunduğu bildirilmişdir. Müraciətlə bağlı tələbələr tərəfindən vilayətin ali təhsil müəssisələrində imza toplanması aksiyasına başlandığı diqqətə çatdırılmışdır.
Çıxışlardan sonra tədbir iştirakçılarına www.justiceforkhocaly.org. saytı haqqında məlumat verilmiş və Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau