ALİMLƏRİN QORXUNC HAVA PROQNOZLARI
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, alim milyonlarla insanın vaxtından qabaq öləcəyini, özü də, bunun məhz ekstremal hava şəraiti və iqlimin qlobal dəyişikliklərə məruz qalması nəticəsində baş verəcəyini bildirir.
Ötən il Avropada dəhşətli istilərin 20 mindən çox insanın həyatına son qoyduğunu xatırladan britaniyalı alim demişdir ki, yüksək temperatur dalğalarının onqat artacağı barədə proqnozlar mövcuddur, bu isə getdikcə daha çox insanın ölümünə səbəb olacaqdır.
Professor Pillinq atmosferin çirkləndirilməsini bütün planetimizdə yayılmaqda olan taun xəstəliyinə bənzətmişdir. Lakin onun sözlərinə inansaq, sənayeləşmiş şimal yarımkürəsində vəziyyət cənub yarımkürəsində olduğundan daha acınacaqlıdır. Çünki çirkləndiricilər axınla Asiyadan Birləşmiş Ştatlara, oradan Avropaya doğru hərəkət edərək, yenə də geriyə, Asiyaya qayıdır. Professor fəlakətin qarşısını almaq üçün bütün dövlət başçılarına atmosferin çirklənməsinin səbəbləri ilə təklikdə deyil, birgə mübarizə aparmağı təklif etmişdir. O demişdir: ”Biz zəhərli tullantıların miqdarını azaltmaq üçün texnologiyaları təkmilləşdirməyi davam etdirməli, o cümlədən həyat tərzimizi dəyişməliyik”.
Xatırladaq ki, Avropa Ətraf Mühit Agentliyi qlobal ekoloji fəlakət barədə artıq xəbərdarlıq etmişdir: 2050-ci ilədək İsveçrə Alpları buzlaqlarının dörddə üç hissəsi əriyəcək, qlobal istiləşmə nəticəsində Avropada soyuq qış 2080-ci ilədək yoxa çıxacaq, isti yay, quraqlıq, dolu ilə müşayiət edilən güclü yağışlarla əvəz olunacaqdır. Bunun da nəticəsində Avropa tez-tez daşqınlara məruz qalacaqdır.