DÜNYA
Almaniyada bir sıra şirkətlər elektrik enerjisi qiymətlərinin bahalığı ilə əlaqədar istehsalı dayandırır
Berlin, 13 dekabr, AZƏRTAC
Almaniyada elektrik enerjisi qiymətlərinin rekord səviyyəyə çatması ilə əlaqədar bir sıra şirkətlər, o cümlədən bir əsrdən çox fəaliyyətdə olan bəzi müəssisələr istehsalı dayandırmaq məcburiyyətində qalıb. Hazırda elektrik enerjisinin qiyməti bir meqavat-saat üçün 936 avro təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzetində dərc olunan məqalədə bildirilib.
Məqalədə enerji qiymətlərin belə bahalaşmasının səbəbi kimi elektrik enerjisi istehsalının azalması göstərilib. Qeyd edilib ki, federal hökumət 2024-cü ilin yazında istehsal gücü dörd qiqavatdan çox olan kömür mədənlərini, 2022-ci ildə isə sonuncu atom elektrik stansiyasını bağladı. Bu o deməkdir ki, təklif siyasi cəhətdən məhdudlaşdırılır. Yaşıl enerji çatışmazlığı da olduğu üçün işlər çətinləşir və enerji qiymətləri bahalaşır. Nəticədə enerji birjasının spot bazarında qısa müddətdə elektrik enerjisi sifariş etməli olan bələdiyyələr və sənaye müəssisələri yüksək məbləğlər ödəməli olurlar.
Qiymətlərin bahalığı ilə əlaqədar bir sıra şirkətlər hasilatı azaldıb. Sakson firması “Feralpi”nin Riesadakı elektrik polad zavodunda isə istehsal tamamilə dayandırılıb. “Bild” qəzetinə açıqlama verən şirkət rəhbərləri vəziyyətin ümidsiz olduğunu, qısa müddətdə fəaliyyətə başlayacaq enerji stansiyalarına ehtiyac yarandığını vurğulayıblar.
Elektrik enerjisinin dəyişən qiymətinin fərdi istehlakçılara, o cümlədən bir milyon ailəyə təsir göstərəcəyi bildirilir. Təchizatçı “Tibber” şirkəti X sosial şəbəkəsi vasitəsilə müraciətində qiymətlərin 400 faizə qədər artırılması barədə xəbərdarlıq edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin