Almaniyanın ət məhsulları istehsal edən iki müəssisəsinin Azərbaycanda fəaliyyətinə icazə verilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proses çərçivəsində Almaniya Federativ Respublikasında yerləşən, ət və ət məhsulları istehsal olunan “OSI Food Solutions Duisburg" və “OSI Food Solutions Günszburg" müəssisələri təsdiq edilib.
Həmin obyektlər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin yerində apardıqları qiymətləndirmənin nəticəsinə uyğun olaraq təsdiqlənib. Belə ki, qiymətləndirilmə dövründə həmin müəssisələrin ət qəbulu, eləcə də emal və köməkçi sahələrinə baxış keçirilib. Eyni zamanda, obyektlərdə baytarlıq-sanitariya, sanitar-gigiyenik və sanitar-texniki tələblərin təmin edilib-edilməməsi izlənilib. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə bir daha çatdırır ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq olunmamış xarici qida müəssisələrindən ölkəmizə məhsulların gətirilməsinə məhdudiyyət tətbiq ediləcək.