Almaniyanın Nürnberq şəhərində Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinq keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Azərbaycanın diaspor təşkilatları fevralın 22-də Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçirmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbir iki saat davam etmişdir.
Azərbaycan diasporunun fəal üzvlərindən olan Yeganə Məmmədzadə mitinqdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı haqqında məlumat vermişdir.
Sonra Azərbaycan və türk icmalarının nümayəndələri çıxış edərək Avropanı XX əsrin ən dəhşətli qətliamlarından birinə - Xocalı soyqırımına, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırmışlar.
Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsini əks etdirən foto və məlumatlar olan broşürlər paylanmışdır.
Daha sonra aksiya yürüşlə davam etmişdir. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!” “Avropa, Qarabağın işğalına susma!” kimi şüarlar səsləndirmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Odlar Yurdu” Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı ilə keçirilən aksiyaya digər türkdilli xalqların təmsilçiləri də qatılaraq soydaşlarımıza dəstək vermişlər. Onların arasında Balkan Türkləri Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü Dərnəyi, Türk Ocakları, Türk Vəlilər Dərnəyinin fəal üzvləri və başqaları olmuşlar.