Altı ayda Qaxda 1300 metr dəmir-beton suvarma kanalları çəkilib
Qax, 17 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının alınması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində dəmir-beton kanalların çəkilməsi işləri davam etdirilir. Bu ilin birinci yarısında Əmbərçay kəndinin və Qax şəhərinin Qaxmuğal ərazisindəki əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanalların üzərində hər biri 500 poqonmetr uzunluğunda dəmir-beton kanallar çəkilib. Bundan əlavə, Ağçay kəndi ərazisindən axan Qobala çayı üzərində 300 poqonmetr uzunluğunda damir-beton kanalın çəkilişi işləri də artıq başa çatıb. Kanalın üzərində bir ədəd dəmir-beton körpü tikilib, ikincisinin tikintisi isə davam etdirilir. Hazırda Cəlayir kəndi ərazisindəki torpaq kanalın üzərində 700 poqonmetr uzunluğunda dəmir-beton kanalın çəkilməsi üçün torpaq işləri görülür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda idarənin balansında 19 min 750 hektar suvarılan torpaq sahəsi mövcuddur. Bundan əlavə, Qax Aqroparkının ərazisində də 1524 hektar suvarılan torpaq sahəsi var. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 264,8 kilometr uzunluğunda torpaq suvarma kanalları mövcuddur. Bu kanalların 188,8 kilometri təsərrüfatlararası, 76 kilometri isə magistral kanallardır. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə ilin birinci yarısında Qax Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarında 310 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib.
Baş mühəndisin sözlərinə görə, rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri də davamlı xarakter daşıyır. Belə ki, Ağçay kəndinin mühafizəsi üçün bu ilin birinci yarısında Ağçay çayının sağ sahilində 150 poqonmetr uzunluğunda daş-beton bənd tikilib. İlisu kəndinin mühafizəsi üçün hazırda Kürmük çayının sahilində ümumi uzunluğu 240 poqonmetr olan daş-beton bəndlərin tikintisi davam etdirilir. Ağçay və Kürmük çaylarında 398 poqonmetr uzunluğunda qabion bəndlər quraşdırılıb. Bundan əlavə, ötən müddətdə 1164 poqonmetr uzunluğunda mövcud bəndlərdə cari təmir işləri aparılıb. Çay yataqlarında 569,5 min kubmetr həcmdə məcratəmizləmə işləri həyata keçirilib.