AMEA Naxçıvan Bölməsinin ötənilki fəaliyyəti ilə bağlı hesabatı nəşr olunub
Naxçıvan, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2020-ci ilə aid elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı nəşr olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, giriş və 8 başlıqdan ibarət olan nəşrdə 2020-ci il ərzində bölmədə yerinə yetirilmiş işlərə qısa nəzər salınıb, icra olunmuş fərman, sərəncam və qərarlardan irəli gələn vəzifələr, görülən işlərin nəticələri qeyd edilib. Daha sonra bölmənin elmi-tədqiqat müəssisələrinin ötən ildəki fəaliyyəti haqqında ətraflı məlumat verilib, əldə edilmiş mühüm elmi nəticələr və onların mahiyyəti vurğulanıb. Nəşrdə Bölmənin elmi-tədqiqat müəssisələrinin il ərzindəki fəaliyyəti müfəssəl təsvir olunmaqla, hər bir müəssisənin 2016-2020-ci illər üzrə beşillik fəaliyyətini, elmi işçilərin hesabat ili ərzindəki elmi uğurlarını, nəşr olunmuş elmi əsərlərini əks etdirən cədvəllər verilib. Bununla yanaşı, bəzi mühüm elmi nəticələrin və nəşr olunmuş elmi əsərlərin fotoşəkilləri də hesabata əlavə olunub.
Elm və təhsil şöbəsi tərəfindən tərtib edilən hesabatda bölmədə il ərzində həyata keçirilən qrant layihələr, 20-dən artıq elm və təhsil mərkəzi ilə davam etdirilən beynəlxalq əməkdaşlıqlar və digər elmi-təşkilati fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.
Elmin istehsalata tətbiqi istiqamətində qazanılan nailiyyətlər də nəşrdə yer alıb. Hesabatda bölmə tərəfindən Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrinin tədqiqi, həmin nümunələrdən yuyucu vasitə istehsalı üçün həyata keçirilən hazırlıq işləri, Biləv alüminium süxurundan alınan kalium alüminium zəyinin və müalicəvi “Şorsu” palçığının istehsalı istiqamətində işlərin davam etdirildiyi, Biokimyəvi tədqiqatlar laboratoriyasında itburnu doşabı, nanə cövhəri, sarı çiçəkdən boya və müxtəlif efir yağlarının istehsalının planlaşdırıldığı diqqətə çatdırılıb.
Nəşrdə muxtar respublikanın aparıcı ali təhsil müəssisələrindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda 2020-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri və əldə olunmuş mühüm elmi nəticələr haqqında da məlumatlar öz əksini tapıb.