AMEA–NIN FİZİKA–RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iclasda AMEA FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev AMEA Rəyasət Heyətinin elmi müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilərin elan edildiyini diqqətə çatdıraraq artıq bölmənin müvafiq institutlarının elmi şuralarında direktor vəzifəsinə irəli sürülən namizədlərin təsdiq edildiyini vurğulamışdır.
İclasda açıq səsvermə yolu ilə müvafiq institutların direktorları vəzifələrinə irəli sürülən namizədlər təsdiq edilmişdir.
Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin “Küylərin analizi, defektlərin yaranmasının gizli dövrünün monitorinqi nəzəriyyəsi texnologiyaları və sistemləri” mövzusunda məruzəsi dinlənilmişdir.
T.Əliyev bildirmişdir ki, Bakı şəhərindəki hündürmərtəbəli binaların, strateji, texniki obyektlərin, təyyarələrin texniki vəziyyəti və təhlükəli qəzalara səbəb ola bilən defektlərin yaranmasının gizli dövrünün vəziyyətinin monitorinq sistemi vasitəsilə müəyyən edilməsi və öyrənilməsi mümkündür.
Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyaslı zərər vura bilən sənaye obyektlərində qəzaların proqnozlaşdırılmasını təmin edən informasiya texnologiyalarının tətbiqinin zəruriliyini qeyd edən alim, bu sahədə dünya ölkələrinin təcrübəsindən və aparılan işlərdən bəhs etmişdir.