AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 90 illik yubileyi qeyd olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 90 illik yubileyinə həsr olunmuş “İnsan və ekosfer: Qlobal problemlər və perspektiv həllər" mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova qeyd edib ki, AMEA-nın müxbir üzvü Rafiq Qasımov həm Fiziologiya İnstitutunun, həm də akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) həyatında önəmli şəxs olub. Rafiq Qasımov səmərəli elmi fəaliyyətinə, yüksəkixtisaslı kadr hazırlığında əldə etdiyi nailiyyətlərə görə dəfələrlə AMEA-nın və BTEB-in fəxri fərmanları ilə təltif edilib.
Tanınmış alimin intellektual səviyyəsini, gözəl insani keyfiyyətlərini, geniş dünyagörüşünü və müxtəlif sahələrdə dərin biliklərini yüksək qiymətləndirən akademik İradə Hüseynova yubilyarı təbrik edib.
Sonra Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova Rafiq Qasımovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. O qeyd edib ki, alim Azərbaycanda balıqların ekoloji fiziologiyası sahəsində məktəb yaradıb, onun tədqiqatlarının nəticələri biomüxtəlifliyin ən qədim nümayəndələrindən biri olan nərəkimilərin təbii populyasiyalarının mühafizəsi və qorunub saxlanması ilə bağlı müxtəlif səviyyələrdə həyata keçirilən fəaliyyətin elmi əsaslarının işlənib hazırlanmasında müstəsna rol oynayıb. Onun rəhbərliyi altında aparılan Xəzərlə bağlı ekotoksikoloji tədqiqatların nəticələri dünya alimləri tərəfindən yüksək qiymətləndirilib, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilib, Leypsiq Yarmarkasının qızıl medalı ilə təltif edilib. Məruzəçi 90 yaşlı alimin bu gün də Fiziologiya İnstitutunda elmi-tədqiqat və kadr hazırlığı sahəsində fəaliyyətini davam etdirdiyini bildirib.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini biologiya elmləri doktoru, professor Rauf Hacıyev çıxış edərək bildirib ki, Rafiq Qasımovun rəhbərliyi ilə həm fəlsəfə, həm də elmlər doktorluğu üzrə dissertasiya işlərini yerinə yetirib. Rauf Hacıyev müəllimi haqqında xatirələrini danışıb, Rafiq müəllimin keçən əsrin 50-ci illərində sənaye əhəmiyyətli balıq növlərinin, o cümlədən nərəkimilərin populyasiyalarının qorunması üçün onların süni artırılmasını əsaslandıran ilk alim olduğunu diqqətə çatdırıb.
Konfransın işinə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən onlayn formatda qatılan Rusiya Elmlər Akademiyasının İ.Pavlov adına Fiziologiya İnstitutunun Neyrogenetika laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Yelena Vladimirovna Savvateyeva Rafiq Qasımovun Leninqradda aspirantura təhsili aldığı, sonradan kiçik elmi işçi kimi tədqiqatlar apardığı illərdə əldə etdiyi elmi nailiyyətlərdən və insani keyfiyyətlərindən bəhs edib. Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutundan biologiya elmləri doktoru Aleksandr Mixayloviç Slukvin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru Ədalət Fərəcov tədbirə onlayn qoşularaq Rafiq Qasımovun elmi və elmi-pedaqoji fəaliyyətindən bəhrələndiklərini bildiriblər.
Tədbirin sonunda Rafiq Qasımovun həyat və yaradıcılıq yolunu əks etdirən film nümayiş olunub.
Beynəlxalq konfrans işini elmi məruzələrin dinlənilməsi ilə davam etdirib.