Amerikalı ekspert Azərbaycana qarşı çirkin kampaniya aparan “The Economist” nəşrini tənqid edib
Budapeşt, 18 oktyabr, AZƏRTAC
Amerikalı ekspert Piter Teys Paraqvayın “Radio Kaaguazú 640 AM” radiosunun efirində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında danışıb.
AZƏRTAC xəbər verir ki, jurnalist İsidoro Bernalın suallarını cavablandıran ekspert noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı ilə bağlı məsələlərə toxunub.
Piter Teys AIDA fondunun (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi - red.) Paraqvayda iki dövlət ibtidai məktəbinin rekonstruksiyasının maliyyələşdirilməsinə əvəzsiz töhfəsini qeyd edib. O əlavə edib: “Onu da qeyd etmək istərdim ki, Paraqvay Milli Konqresinin keçmiş üzvləri Esmerita Sançes de Da Silv və Nikolas Benites Saquyer Paraqvay ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində Azərbaycan hökuməti ilə sıx əlaqələr qurublar. Onlar Azərbaycanın milli maraqlarını və ərazi suverenliyini müdafiə ediblər. Paraqvay ilə Azərbaycan arasında tərəfdaşlıq iki ölkənin iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsində böyük rol oynayan səfir Rəşad Aslanovun fəaliyyəti dövründə inkişaf edib”.
Piter Teys Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində Azərbaycana qarşı çirkin kampaniya aparan “The Economist” nəşrini tənqid edib.
Amerikalı ekspert oktyabrın 16-da Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən COP29-a həsr olunmuş “Su və gender bərabərliyi” konfransının mövzusuna da toxunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt