Amerikalı ekspert yeni koronavirus təhlükələri barədə xəbərdarlıq edib
Bakı, 31 may, AZƏRTAC
Mütəxəssislər yeni koronavirusun yayılma şəraitini müəyyən etməlidir ki, gələcəkdə bənzər hadisələrin qarşısını almaq mümkün olsun.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Beylor Tibb Kollecinin Milli Tropik Təbabət Məktəbinin dekanı Piter Hotes deyib.
Eyni zamanda, Texas ştatında vaksin hazırlanması üzrə mərkəzin rəhbərlərindən biri olan ekspertin fikrincə, həmin informasiyanın əldə edilməsi həyatı əhəmiyyətə malikdir.
“Bu, XXI əsrdə artıq üçüncü genişmiqyaslı epidemiya və ya koronavirus pandemiyasıdır. Təbiət gələcəkdə nələrin baş verəcəyini bizə deyir. Əgər COVID-19 infeksiyasının mənşəyini tam müəyyən edə bilməsək, bunun ardınca COVID-26 və COVID-32 də yarana bilər”, - deyə Piter Hotes bildirib.
Onun fikrincə, virusoloqlar, epidemioloqlar və yarasa mütəxəssisləri də daxil olmaqla, bir qrup alim azı altı ay müddətinə Hubey əyalətinə göndərilməlidir. Alimlər virus nümunələrini, həmçinin insan və heyvanların qan nümunələrini toplamalıdır. “Bu yalnız Çin və ABŞ-ın deyil, eyni zamanda, bütün dünyanın marağındadır”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, bir müddət öncə yeni koronavirusun mənşəyini araşdırmaq üçün yanvar-fevral aylarında beynəlxalq ekspertlər qrupunun Çinə səfəri barədə hesabat dərc olunub. Missiyanın yekun sənədinə əsasən, koronavirusun heyvanlar arasında, daha sonra isə insanlar arasında ötürülməsi daha inandırıcı ssenari hesab edilib. Virusun laboratoriya şəraitində yaranması ehtimalı isə zəif qiymətləndirilib.