ANKARA KEÇİÖRƏN BƏLƏDİYYƏSİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSİN DEPUTATLARI İLƏ GÖRÜŞMÜŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, komissiyanın sədr müavini Şaitdin Əliyev qonaqları salamladıqdan sonra demişdir ki, ölkələrimiz arasında sarsılmaz dostluq, qardaşlıq əlaqələri vardır. Münasibətlərimizin bu cür genişlənməsində və inkişafında dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Dövlət və hökumət başçılarımızın, parlament nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar nəticəsində əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik və dövlətlərimizin bir-birinə daimi dayaq olması olduqca mühüm əhəmiyyət kəsb edir. Türkiyənin bələdiyyə üzvlərinin səfəri də əlaqələrimizin daha da inkişafına xidmət edir.
Sonra Şaitdin Əliyev Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, bu sahə ilə bağlı yaradılmış qanunvericilik bazası, beynəlxalq təcrübənin öyrənilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin başçısı, Ankara qubernatorunun müavini Calal Ulusoy demişdir ki, Azərbaycana səfərdən məqsəd iki qardaş ölkənin bələdiyyə qurumları arasında əlaqələri daha da genişləndirmək, bu sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq, ən başlıcası isə Ankaranın Keçiörən və Tovuz rayonunun bələdiyyələri arasında qardaşlaşma haqqında müqavilə imzalamaqdır.
Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok demişdir ki, rəhbərlik etdiyi qurum bu günlərdə Tovuz bələdiyyəsi ilə əməkdaşlığa dair qərar qəbul etmişdir. Bu barədə imzalanacaq müqavilə digər bölgələrimizin yerli özünüidarəetmə orqanları arasında da yeni münasibətlərin qurulmasına imkan yaradacaqdır.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Altınok demişdir ki, biz bir millət, iki dövlət olduğumuz halda problemlərimizin həllinə də birlikdə çalışmalıyıq. Türkiyənin hər bir vətəndaşı bu münaqişənin tezliklə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini arzulayır.
Sonra görüşdə Tovuz rayonundan Milli Məclisə deputat seçilmiş İbrahim İsayev, deputat İsgəndər Quliyev və qonaqlar bəzi məsələlərlə bağlı öz fikirlərini söyləmişlər.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev iştirak etmişdir.