Ankarada “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabının təqdimat keçirilib
Ankara, 15 noyabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 2001-ci il martın 16-da Ankara Universitetinin (AU) həyətində, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün heykəlinin yanında əkdiyi Mavi Ladin ağacının dibinə Şuşa və Bakıdan gətirilən torpaq səpilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankara Universitetinin kollektivlərinin iştirakı ilə noyabrın 15-də keçirilən tədbirdə Ulu Öndərdən qalan xatirə xoş sözlərlə xatırlanıb.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev Şuşanın işğaldan azad edilməsinin ən böyük arzusu olduğunu 2003-cü ildə ona söyləyib. Şuşadan və Bakıdan torpağın gətirilərək, Ulu Öndərimizdən xatirə olan Mavi Ladin ağacının dibinə səpmək istəyi məhz oradan qaynaqlanır. Rektor bildirib ki, işğaldan azad olunan digər ərazilərdən də torpaq gətirilib ağacın dibinə töküləcək.
Səfir Rəşad Məmmədov çıxışında belə bir ideyanın həyata keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkür edib.
Daha sonra Azərbaycan səfirliyinin və Ankara Universitetinin birgə təşkilatçılığı ilə AU-da Azərbaycanın sabiq xarici işlər naziri, professor Həsən Həsənovun Azərbaycanın qədim tarixinə işıq tutan, türk dilinə tərcümə olunmuş “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Universitetin rektoru Necdet Ünüvarın və səfir Rəşad Məmmədov çıxışlarında təqdim olunan kitabın türk tarixinin öyrənilməsi baxımından dəyərli əsər olmasından bəhs ediblər.
Universitetin professoru Erdoğan Uygur kitab haqqında ətraflı məlumat verib.
Təqdimat mərasiminin davamında Həsən Həsənov kitabı təqdim edib və tələbələrin suallarını cavablandırıb.
Təqdimatdan sonra səfir Rəşad Məmmədov rektor Necdet Ünüvara “Zəfər Salnaməsi” kitabını hədiyyə edib.
"Atropatena-Adorbaygan adlı dövlətin doğuşu" kitabının təqdimatı, həmçinin həmin gün Hacı Bayram Vəli Universitetində də keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara