Ankarada koronavirusa qarşı peyvəndləmədə Türkiyə-Çin əməkdaşlığını nümayiş etdirən sərgi açılıb
Ankara, 25 mart, AZƏRTAC
Çin Xalq Respublikasının xarici işlər naziri Vang Yi Türkiyə Respublikasında səfərdədir.
AZƏRTAC xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı ilə Ankarada təkbətək görüşəndən sonra tərəflər heyətlərin iştirakı ilə müzakirələri davam etdiriblər.
Sonra nazirlər koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aparılan peyvəndləmə ilə bağlı Türkiyə-Çin əməkdaşlığını nümayiş etdirən sərgiyə baxıblar.
Qeyd edək ki, Türkiyədə kütləvi şəkildə COVID-19 infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə peyvəndləmə aparılır. Hədəf ölkə əhalisinin 60 faizinin vaksin olunmasını təmin etməkdir. Türkiyə 15 milyon doza “Sinovac” vaksini alıb və 100 milyon doza vaksin almaq üçün anlaşma əldə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara