El-Ninonun sürətlə gücləndiyi son iki ayda ən yüksək temperatur göstəriciləri qeydə alınıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) nümayəndəsi Armel Kastellan və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təmsilçisi Teresa Zakaria Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində keçirilən həftəlik mətbuat konfransında El-Nino hava hadisəsinin sağlamlıq və iqlimə təsirlərini qiymətləndiriblər.
AZƏRTAC xəbər verir ki, Armel Kastellan temperatur artımına səbəb olan El-Nino hava hadisəsinin sürətlə gücləndiyini və rekord səviyyədə ən isti iki ayın geridə qaldığını bildirib. O, dəniz səthinin temperaturunun rekord səviyyələrdə olduğunu vurğulayıb.
ÜMT nümayəndəsi El-Ninonun təsirlərinin iqlimə həssas sektorlarda müşahidə edildiyini və getdikcə artacağını bildirərək deyib: “Həmin hadisənin ilin sonuna doğru pik həddə çatacağını gözləyirik. Lakin həmin pik hədd son deyil, yalnız proqnozlaşdırılan bir tarixdir. Təsirləri bu tarixdən xeyli sonra da davam edəcək”.
El-Ninonun yalnız temperaturla bağlı məsələ olmadığını qeyd edən A.Kastellan ÜMT-nin sentyabr-noyabr dövrü üçün proqnozlarında bəzi bölgələrdə normadan artıq yağıntı, digər ərazilərdə isə quraqlıq riskinin olacağına diqqət çəkib.
O deyib: “Həmin vəziyyət temperatur amili ilə yanaşı, su təhlükəsizliyi, qidalanma və vektor mənşəli xəstəliklər kimi məsələləri də gündəmə gətirir”.
ÜMT-nin “sağlamlıq üçün iqlim xidmətləri” adlandırdığı fəaliyyətini gücləndirmək məqsədilə tərəfdaşları ilə əməkdaşlıq etdiyini bildirən A.Kastellan bununla proqnozların səhiyyə orqanlarına doğru zamanda və düzgün formatda çatdırılmasını təmin etmək üçün səhiyyə və meteorologiya icmaları arasında zəruri əlaqələrin yaradılmasını hədəflədiklərini söyləyib: “Hər El-Nino hadisəsi bir-birindən fərqlənir. Onun təsiri regiona və mövsümə görə dəyişir. Bundan əlavə, digər iqlim amilləri ilə də qarşılıqlı təsirə girir. Lakin bu El-Nino artıq rekord səviyyədə olan temperaturlarla üst-üstə düşür. Bu hadisə 2026-cı ilin sonlarında pik həddə çatdıqda Cənub yarımkürəsinin böyük hissəsi, eləcə də Cənubi Afrika, Cənubi Amerika və Avstraliya 2027-ci ilin ilk aylarında ilin ən isti mövsümünə daxil olacaq. Mövsümi temperatur göstəricilərinin El-Ninonun təsirinə əlavə olunması quraqlıq, meşə yanğınları, tüstü və bunların səbəb olduğu hava çirklənməsi risklərini artıracaq. El-Nino qlobal siqnaldır, lakin onun təsirləri həmişə yerli səviyyədə hiss olunur. Həmin hadisənin dünya üzrə davam edəcəyinin demək olar ki, dəqiq olması onun konkret regiona və ya xəstəxanaya təsirlərinin dəqiq bilindiyi anlamına gəlmir”.
El-Nino müxtəlif xəstəliklərə tutulma riskini də dəyişə bilər
ÜST təmsilçisi T.Zakaria isə El-Ninonun iqlim hadisəsindən əlavə, mühüm ictimai səhiyyə təhlükəsi olduğunu vurğulayıb.
O deyib: “El-Nino ekstremal hava şəraitinin artmasına səbəb ola bildiyi kimi, hava şəraitindəki dəyişikliklər vasitəsilə müxtəlif xəstəliklərə tutulma riskini də dəyişə bilər. Bu vəziyyət riski artıran amil rolunu oynayır və onun sağlamlığa təsirlərinin bütün dünyada müşahidə olunacağı gözlənilir".
İnsan orqanizminin fəaliyyətinə yüksək temperatura məruz qalmanın birbaşa təsir etdiyinə diqqət çəkən T.Zakaria bunun ürək-damar, tənəffüs, böyrək, metabolik və psixi sağlamlıq problemlərini ağırlaşdıraraq ölüm və ciddi xəstəliklərə səbəb ola biləcəyini qeyd edib: “Dünyanın bir çox yerində temperaturla əlaqəli xəstəliklərlə yanaşı, meşə yanğınlarının tüstüsü və pis hava keyfiyyəti ilə bağlı tənəffüs yolları xəstəlikləri də narahatlıq doğuracaq. Quraqlıq və daşqınlar evləri və insanların yaşayış vasitələrini məhv edə, onların köçkün düşməsinə, ərzaq, təmiz su və səhiyyə xidmətlərinə çıxış imkanlarının azalmasına səbəb ola bilər. Səhiyyə müəssisələri və onların kritik infrastrukturu da tez-tez daşqın və quraqlıqdan zərər görür”.
El-Ninonun sağlamlığa təsirlərinin proqnozlaşdırıla bildiyini vurğulayan T.Zakaria həmin risklər böhrana çevrilməzdən əvvəl tədbir görmək üçün əllərində imkan olduğunu bildirib.
“El-Ninonun təsirlərinə qarşı ÜST hökumətləri, tərəfdaşları və icmaları hazırlıq işlərinə indidən sərmayə qoymağa, insanların həyatını xilas etmək və səhiyyə xidmətlərini qorumaq məqsədilə erkən tədbirlər görməyə çağırır”, - deyə ÜST nümayəndəsi bildirib.
Müxbir - Göyçək Mahmudlu