Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.
AZƏRTAC xəbər verir ki, M5 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar.
Hər iki cüdoçu karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb.
Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb – 3 qızıl və 6 bürünc. Yığmamız hazırda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.