Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanın zəngin tarixi-mədəni irsinin mühüm səhifələrindən birini Qafqaz Albaniyasının xristian irsi təşkil edir. Ölkəmizin müxtəlif bölgələrində, eləcə də Qarabağ və Şərqi Zəngəzur ərazilərində yerləşən qədim kilsələr, monastırlar və digər xristian məbədləri bu torpaqların çoxəsrlik tarixinin canlı şahidləridir. Bu abidələr yalnız dini tikililər deyil, eyni zamanda, Azərbaycan ərazisində formalaşmış qədim dövlətçilik və mədəniyyət ənənələrinin mühüm maddi nümunələridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın qədim şəhəri Qəbələnin eramızdan əvvəl IV əsrdən eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının bu fikri Azərbaycanın qədim tarixinin, o cümlədən Qafqaz Albaniyasının siyasi və mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qafqaz Albaniyasının xristian irsi ilə bağlı diqqət çəkən məqamlardan biri bu tarixi mirasa Azərbaycan və Ermənistan tərəfindən tamamilə fərqli münasibətin nümayiş etdirilməsidir: “Azərbaycan öz ərazisindəki alban xristian abidələrini qoruyur, onların tarixi əhəmiyyətini araşdırır, bərpa edir və gələcək nəsillərə çatdırılması üçün zəruri tədbirlər həyata keçirir. Ermənistan isə öz ərazisində yerləşən alban irsinin qorunması əvəzinə, uzun illər ərzində bu abidələrin tarixi kimliyinin dəyişdirilməsinə, izlərinin aradan qaldırılmasına və başqa mədəni kimlik çərçivəsində təqdim edilməsinə yönəlmiş siyasət yürüdüb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bunun əyani sübutlarını görmək mümkündür. İşğal illərində Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının məscidlərinə, qəbiristanlıqlarına, tarixi və mədəniyyət abidələrinə qarşı törədilmiş vandalizm bu siyasətin mahiyyətini açıq şəkildə ortaya qoydu. Eyni yanaşma xristian irsinə münasibətdə də özünü göstərib. Qafqaz Albaniyasına məxsus kilsə və monastırların tarixi kimliyinin dəyişdirilməsinə, onların erməniləşdirilməsinə və alban irsinin erməni irsi kimi təqdim olunmasına cəhdlər edilib.
Bu mənzərə Ermənistan ərazisindəki alban irsinin taleyi ilə bağlı ciddi suallar doğurur. Əgər işğal dövründə Azərbaycanın öz ərazisində yerləşən alban xristian abidələrinin belə tarixi mənsubiyyətinin dəyişdirilməsinə cəhd göstərilibsə, Ermənistanın öz ərazisində mövcud olmuş alban irsinə münasibətinin necə olduğunu təsəvvür etmək çətin deyil. Tarixi izlərin zamanla aradan qaldırılması, abidələrin dağıdılması və ya onların ilkin kimliyini müəyyənləşdirən elementlərin dəyişdirilməsi ilə bağlı faktlar bu məsələyə beynəlxalq səviyyədə daha obyektiv və prinsipial yanaşmanın vacibliyini göstərir”.
S.Salmanova qeyd edib ki, Azərbaycan müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına hər zaman xüsusi diqqət yetirib:
“Qafqaz Albaniyasının xristian irsinin qorunması da bunun bariz nümunəsidir. Azərbaycan ərazisində alban kilsələrinin və monastırlarının bərpası dövlətimizin tarixə və mədəni irsə münasibətdə qoruyucu mövqeyini aydın şəkildə nümayiş etdirir. Azərbaycanın multikulturalizm ənənəsi də məhz bu tarixi yanaşmadan qaynaqlanır.
Parlamentari vurğulayıb ki, Ermənistan tərəfindən tarixi faktları obyektiv şəkildə araşdırmaq və müxtəlif mədəniyyətlərin izlərini qorumaq əvəzinə, uzun illər ərzində öz ərazisindəki Azərbaycan və alban irsinin izlərini silməyə yönəlmiş yanaşma nümayiş etdirilib:
“Ermənistanın tarixi abidələrin bir qismini dağıtması, məhv etməsi və ya onların kimliyini dəyişdirməyə çalışması ilə Azərbaycanın qoruyucu siyasəti arasındakı fərq məhz burada aydın görünür. Qafqaz Albaniyasının xristian irsi də Azərbaycanın qədim dövlətçilik tarixinin və zəngin mədəni keçmişinin ayrılmaz hissəsidir. Bu irsin qorunması ölkəmizin tarixə obyektiv və məsuliyyətli münasibətinin, eləcə də multikultural dəyərlərə sadiqliyinin göstəricisidir. Azərbaycan öz ərazisindəki müxtəlif dini və mədəni irs nümunələrini qorumaqla tarixə sahib çıxır və bu irsi dünya ictimaiyyətinə təqdim edir. Ermənistan isə tarixi irsin qorunması prinsipindən çıxış etmək əvəzinə, uzun illər ərzində öz ərazisində mövcud olmuş alban irsinin izlərini dəyişdirməyə və aradan qaldırmağa çalışıb”.