Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir
Bakı, 22 sentyabr, AZƏRTAC
İşğal dövründə məruz qaldığı vandalizm nəticəsində tamamilə yerlə-yeksan olan, “Qafqazın Hirosiması” adlandırılan Ağdam düşmən tapdağından qurtulduqdan sonra burada genişmiqyaslı bərpa prosesinə başlandı. Bu gün Ağdam dövlətimizin iradəsi ilə sürətlə dirçəlir. Hazırda şəhərdə 5 məhəllə üzrə paralel tikinti işləri aparılır. Artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci ən böyük sənaye mərkəzinə çevrilib ki, bu da bölgənin iqtisadi potensialının bariz göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
“Mənəvi-mədəni irsimizin bərpası da diqqət mərkəzindədir. Dövlət başçısının azad olunmuş Ağdama ilk səfəri zamanı ziyarət etdiyi və Məkkədən gətirdiyi “Qurani-Kərim”i hədiyyə etdiyi Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunaraq 2024-cü ilin aprelində qapılarını yenidən dindarların üzünə açdı. İşğal illərində Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş məscidə aid daş parçasının da burada nümayiş etdirilməsi mənəvi varisliyin və tarixi yaddaşın təcəssümüdür”, - deyə deputat bildirib.
Pərvanə Vəliyeva qeyd edib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və ölkəmizdə fəaliyyət göstərən xarici diplomatların bu ərazilərə səfər etməsi tamamilə qanunauyğun, daxili məsələmizdir. Beynəlxalq ictimaiyyətə Ermənistanın törətdiyi vandalizmi, eyni zamanda, bölgədəki zəngin mədəni irsimizi yerində göstərmək Azərbaycanın suveren haqqıdır.
“Lakin təəssüf ki, Ermənistan tərəfi diplomatik korpusun səfərinə belə bir reaksiya verməklə növbəti dəfə daxili işlərimizə qarışmağa cəhd edir. Təhlillər göstərir ki, Azərbaycan qarşı aparılan kampaniyanın dirijorluğunu Ermənistan hakimiyyətinin özü edir. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda yayımlanıb. Eləcə də bu ölkənin baş naziri və parlament sədrinin mədəni irsimizlə bağlı açıqlamaları qəbuledilməzdir. Bu, Ermənistan cəmiyyətində mövcud revanşizm ideologiyasını daha da gücləndirir. Əksinə, erməni tərəfi sülh istəyirsə, öz cəmiyyəti ilə bu istiqamətdə işləməlidir”, - deyə Pərvanə Vəliyeva əlavə edib.