Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir
Bakı, 22 sentyabr, AZƏRTAC
Tarixi həqiqətin təhrifinə memarlıqda da rast gəlinir. Alban mədəni-tarixi irsinin erməniləşdirilməsi prosesi çoxdan ədəbi saxtalaşdırma çərçivəsindən çıxaraq keçmişin fiziki şəkildə yenidən yazılması mərhələsinə keçib. Bəs tarixçilər və bərpaçılar memarlıq və yazı nümunəsinin ilkin elementlərini sonradan edilən dəyişikliklərdən necə ayırd edirlər? AZƏRTAC-ın müxbiri bu sualla tədqiqatçı və publisist Abbas İslamova müraciət edib.
Onun araşdırmaları əsasən qədim tarixə dair erməni saxtalaşdırmalarının ifşasına həsr olunub. Həmsöhbətimiz Movses Xorenatsi, Favstos Buzand və Aqafangel kimi saxta alimlərin əsərlərinə əsaslanan ədəbi saxtalaşdırmaları araşdırır.
İlk olaraq o, “Bolqar qızı tərəfindən yazılmış erməni tarixi” filminə baxmağı tövsiyə edib. Film “Günəş axtarışında” adlı həvəskarlar qrupunun apardığı araşdırmalar əsasında hazırlanıb. Filmdə qəbiristanlıq daşları əsasında hazırlanmış yeni nümunələrdən bəhs olunur. Söhbət Tovuz rayonunun Girzan kəndində yerləşən qəbiristanlıqdan gedir.
“Təəccüblüdür ki, bu qəbiristanlığın ərazisində orta əsrlərə aid qəbirlər və qəbir daşları yerləşir. Burada əhali tarixən qarışıq olub: həm müsəlmanlar, həm də ermənilər yaşayıb. Orta əsrlərdən bəri heç kimin toxunmadığı daşlar müxtəlif eroziya növlərinə – külək, temperatur, yağış və bioloji eroziyaya məruz qalıb, onların üzərini şibyə aşındırıb. Yəni bu daşlar çox ciddi dağıntıya məruz qalıb. Elə həmin daşların arasında guya eyni dövrə aid olan, lakin səthi yaxşı yonulmuş, qaşınmış və təmizlənmiş, üzərində erməni dilində yazılar həkk olunmuş daş lövhələr də var. Onlar sanki elə dünən yonulub hazırlanıb. Bu, bəzi obyektlərin həqiqətən qədim, digərlərinin isə 100 ildən də az əvvəl hazırlanmış yeni nümunələr olduğuna dair fiziki sübutdur”, – deyə tədqiqatçı bildirib.
Publisist bizə, həmçinin Gədəbəy rayonunun dağlarında yerləşən Məhsərə monastır kompleksindən danışıb. Yerli əhali buranı məhz belə adlandırır:
“Qrupumuz bu ərazidə olub. Biz monastırın özünü, kilsəni və təsərrüfat tikililərini araşdırdıq. Bu monastır və kilsə tikililərində diqqətçəkən bir xüsusiyyət var. Alban xaçları ilə bəzədilmiş daşlar... Yeri gəlmişkən, Alban xaçı erməni xaçından fərqlənir. O, daha sadə üslubda hazırlanır və xaçlara xas mürəkkəb bəzəklərə malik deyil”.
A.İslamovun sözlərinə görə, monastırın və ya kilsənin divarlarına hörülmüş daşlar ciddi aşınıb, eroziya nəticəsində yeyilib.
“Elə həmin yerdə, giriş portalının üzərində erməni yazıları aydın şəkildə həkk olunmuş lövhə yerləşdirilib: “monastır filankəsə və filankəsə həsr olunub”. Portalın üzərindəki mətn sanki dünən – az qala lazer aləti ilə həkk edilib. İş o qədər təzə və aydındır ki, bunu dərhal görmək mümkündür. Aydın şəkildə görünür ki, bu, sonradan əlavə edilmiş bir elementdir. Halbuki Alban kilsə tikililərində adətən belə yazılara rast gəlinmir. Bu cür ziddiyyət dərhal nəzərə çarpır: güclü eroziyaya məruz qalmış daşlar və onların yanında yerləşdirilmiş, üzərində erməni dilində təzə yazı olan lövhə”, – deyə tədqiqatçı fikirlərini yekunlaşdırıb.
Müəllif – Leyla Muradzadə